|
|
Hər keçən saniyə həyatdan axıb gedir və insanlar yaşadıqları saleh
günlərin dəyərli xatirələri ilə təsəlli tapır. Bu hal insana gələcəkdə
təsəlli olacaq yeni saleh günlər yaşamalı olduğunu xatırladır. Budur,
dua və Allaha yönəlmə mövsümü olan Ramazan ayı da indiyə qədər yaşanan
saleh günləri andıran canlı bir mənbə kimi dəyərləndirilməyi gözləyir.
Ramazan orucu, Qədr gecəsini, təravihi, Quranı, ibadəti, qulluğu və
bayramı özündə ehtiva edən bərəkətli bir aydır. Ramazan nə qədər ibadət
edilir-edilsin, həqiqi qurtuluşun ancaq Allahın mərhəməti ilə əldə
ediləcəyini bizə yenidən xatırladır.
Bir çox əvf və qurtuluş yollarını özündə toplayan bu ay Quranı anlamağı,
onu oxuyarkən ağlaya bilməyi, bütün əzalara oruc tutdurmağı, hər gecəni
Qədr gecəsi bilməyi, namaz və duanın insana rahatlıq bəxş etdiyini,
həqiqi bayramın ancaq Allaha qulluq nəticəsində əldə ediləcəyini
öyrədir. Gecə-gündüz nemət və fürsətlərlə dolu bu ay insanlarla olan
münasibətlərin əslində göründüyündən daha fərqli olduğundan, hadisələrin
insan ruhuna pıçıldadığı məna dolu ehtişamdan xəbər verir. Eyni zamanda
Allaha yaxın olmaq üçün atılan addımların insan ruhunda daha dərindən
hiss edildiyi bu bərəkətli ay, sanki qurumağa üz tutmuş könüllərə su
səpir və insanı daxili aləmində yeni bir dirilişə hazırlayır…
Bu kitabda, Ramazan ayının gətirdiyi maddi-mənəvi bərəkət qaynaqlarından
bəhs edildi. Bu ayın Allahdan gələn mükafatlarla həyatımızda nə kimi
dəyişikliklərə səbəb olduğu hiss etdirilməyə çalışıldı. Allah-Təalanın
və Peyğəmbərimizin (s.ə.s) zikr etdiyi oruc, orucun hikmətləri,
Ramazanın xatirələrdəki yeri, sahur vaxtının mənəvi zənginliyi və
bərəkəti, ruhlarımızın qidası təravih namazları və varlı ilə yoxsul
arasında qurulan körpülər, yəni zəkat və sədəqə kimi ibadətlərdən bəhs
edildi. İftar süfrələrimizin qonaq-qaralı olmasının əhəmiyyəti və iftar
anlarının gözəllikləri xatırladıldı. Peyğəmbərimizin (s.ə.s) və Onun
sadiq tələbələri olan Haqq dostlarının Ramazan günlərini necə
keçirdikləri, onları görən bəxtəvər insanların müşahidələlərindən
səhifələrə köçürüldü.
Allahım! Əfvini və rizanı istəyirik. Ya Rəbbi! Bizə sənin razı
olacağın işlər görməyi nəsib et!
!
|
|