Xəzər Nəşriyyatı
                                         Əlaqə Telefonu:               E-mail:info@xezernesriyyat.com

                                         Tel.:(+994 12) 480 13 38

Kateqoriyalar

                              Könüllərdən Könüllərə Mövlana                                    
 
   

                               

 

 

Professor f.e.d. Nizami CƏFƏROV

Azərbaycanda Atatürk mərkəzinin direktoru, Millət vəkili.                 

İnsanların qəlbinə yol tapmaq, onların sevgisini qazanmaq və bu yolda müvəffəq olmaq üçün hər cür davranış qarşısında səmimiyyət və sevgi prinsipini qoruyaraq hər kəsi sevgi ilə qucaqlamaq, hamıya xoş davranmaq, şəfqət və sevgi ümmanını hər kəsi qərq edəcək şəkildə geniş tutmaq, “küncdə-bucaqda qalanların” da bu abı-həyatdan nəsiblərini almaları üçün onlara yelkənlər açmaq, sonsuz bir mənbədən aldığı feyzi hər kəsə çatdırmaq, hamıya bu eşqi daddırma sevdası ilə bütün həyatı boyu çalışmaq və geniş mənada bir sevgi, kamillik bulağına çevrilmək deyə ifadə edə biləcəyimiz Mövləvilik, İlahi qaynaqlı Peyğəmbər əxlaqının Həzrəti Mövlanada kamil mənada təzahürü, təcəssümü, təcəllisidir.

Bəli, Mövlana Cəlaləddin Rumi bir həqiqət aşiqi və carçısıdır. Amma onda, şübhəsiz, milyonların sevgisini qazanmasına da səbəb olmuş və zənnimcə, çoxlarının da gözdən qaçırtdığı, bəzilərinin də iradi olaraq görmə- dikləri, bilmədikləri bu xüsusiyyət ancaq kamil həqiqət ərlərinə, həqiqi kamal əhlinə, Haqq dostlarına xas bir fəzilətdir. Bu mənanı həyacansız ifadə etmək və eyni duyğu və düşüncə ilə oxumayanda anlamaq və dərk etmək də mümkün deyil. Bəlkə, eyni mənanı qələmlə kağıza köçürərkən də kəlmələrin mənaya, qələmin həyəcana, istedadların həqiqətlərə tərcüman ola bilmə- sindəki naqislik də bu fikri əslinə uyğun şəkildə çatdırmaq üçün ciddi bir maneə olur. Amma bütün bu əngəlləri aşaraq, bəlkə də, Mövlanacasına olmasa da Mövlanaya və Mövləvilərə aid bir düsturu, daha doğrusu bütün əsrlərin, bütün əsərlərin, bütün həqiqət carçılarının əsas prinsip olaraq qəbul edərək hal və hərəkətlərini ona görə şəkilləndirməli olduqları bir haqq prinsipini burada ifadə etmək istərdik. ” İnsanı insan olduğu üçün sevmək, onu olduğu kimi qəbul etmək, sahib olduğu səviyyəyə, dünyagörüşünə hörmət göstərərək onunla səviyyəsinə, yerinə görə davranmaq–yeni ifadəsi ilə tolerantlıq” deyə kəlimələrə əxz etdirə biləcəyimiz bu dərin və danılmaz həqiqət, insan fitrətinə və kamilləşmə, kamil insan olma mərtəbəsinə yüksələrkən də riayət etməli olduğu hal və davranışlara da ən uyğun, müvafiq olanıdır.

Mövlana bütün kainatda və o cümlədən, kainatın bir parçası olan insan cəmiyyətində də cari olan bu cahan- şümul həqiqəti həqiqi mənada dərk etmiş və həyatını, maddi-mənəvi addımlarını ona görə yönləndirmiş ən üstün simalardan biri, hətta birincilərdəndir.

Mövlanadakı “Mövlalıq” onun böyüklüyünə yaraşan şəkildə bu ucalığa məzahir olmasında, onu təzahür etdirməsindədir. Bəli, bir az əvvəl də qeyd etdiyimiz kimi, bir çox insan vurğulamağa çalışdığımız bu Mövlana düsturunu unudur, özləri kimi düşünməyənləri “qarşı tərəf” kimi görür, onlarla qərəzli şəkildə davranır, sadəcə öz duyğu və düşüncələrinə sahib fərdlərlə birləşərək insan cəmiyyətinin parçalanmasına səbəb olan toplu-luqların, birliklərin, ortaya çıxmasına yol açırlar. Və bəlkə də məsələyə qarşılıqlı hörmət və sevgi prizmasından yanaşmadıqları üçün fərqinə var-madan çox böyük həqiqətləri dar insani qəliblərə salaraq, o ülvi haqq və həqiqətlərə qarşı da hörmətsizlik edirlər. Bir-biriləri ilə daha yaxın və səmimi münasibət quraraq ümumi müsbət hədəflər uğrunda birləşib müəyyən mənada digərlərinə də dəstək olmaq zərərsiz bir davranışdır və xoş görülə bilər. Amma özündən və həmfikirlərindən başqa hər kəsi qaralamaq, heç kəsi qəbul etməmək, heç bir cəmiyyətin, vicdan və sağlam düşüncə sahibi heç bir insanın qəbul edə bilməyəcəyi bir yanlış-lıqdır.

Gözəlliklər insani dəyərlərə, adına, mənasına yaraşır şəkildə təmsil edilməli və yaşanaraq öyrə-nilməli, öyrədilməlidir. Mövlana məhz bu cür, ətrafına sevgi və xoşbəxtlik nurları saçan, insanlıq həqiqətlərini təmsil edərək, yaşayaraq təbliğ edən müstəsna bir insan, bir kamillik məktəbidir. “İnsanların ən xeyirlisi onlara faydalı olandır” şüarı ilə hərəkət edərək kimliyindən aslı olmayaraq hər kəsə “Gəl” deyən Mövlana bütün dövrlərin kamil insanlarına, mənəvi liderlərinə, filosoflarına, dahilərinə də gözəl bir dərs verir və böyüklüyün, həqiqi mənada insan olmağın yollarını göstərir. Mövlananın fikirlərini, hal və hərəkətlərini “sıxsaq” bu mənanın süzüldüyünə şahid olarıq: “Kainatın və o cümlədən, bütün insanların ortaq dili sevgidir. İnsanlar bu ortaq dildə bir-birilərinə xitab etsələr heç bir çətinlik çəkmədən anlaşarlar. Bu ortaq dildə danışanların sayının çox olduğu cəmiyyətlər də ən ideal insan cəmiyyətləridir.”

Mövlana ruh qələmini sevgi mürəkkəbi ilə dolduraraq eşq çağlayan qəlbini səsləndirmiş və ondan doğan mənaları məhz bu ümumi dilin ən munis kəlimələrini işlədərək bəzən sətirlərə kö- çürmüş, bəzən də hal, hərəkət və davranışları ilə bu mənalara tərcümanlıq edərək onları sadırlara (sinələrə, qəlblərə) yerləşdirmişdir. Onu bir çox başqalarından ayıran ən bariz tərəfi də məhz bu xüsusiyyətidir. Elə buna görədir ki, həmişə olduğu kimi bu gün də dünyanın bir çox millətləri ona ikiəlli sarılır, onun bu sevgi, insanlıq xəzinəsindən bəhrələnməyə çalışırlar. Bu geniş, sahilləri görünməyən “qarşılıqlı hörmət, tolerantlıq okeanı” ndan faydalanmaq üçün hər kəs çalışmaqda, dünyanın sayılan, seçilən qurum və təşkilatları Mövlana irsini, onun məsələlərə baxış tərzini, insana verdiyi dəyəri yaymaq, tanıtmaq üçün müxtəlif tədbirlər görməkdədirlər.

2007-ci ilin YUNESKO tərəfindən “Mövlana ili” elan olunması və yenə bu il Amerika Birləşmiş Ştatlarında ən çox alınan kitabın onun ingilis dilinə tərcümə olunmuş “Məsnəvi” əsərinin olması bunu bir daha təsdiq edir. Çünki, yuxarıda da ifadə etməyə çalışdığımız kimi bu gün də insanlıq həmişə olduğu kimi sevilməyə, dəyər verilməyə möhtacdır və bu onun haqqıdır. Bu haqqı tapmaq üçün də ona dəstək verən, onu öyrədən əsərlərə, insanlara hava kimi, su kimi ehtiyac var. Mövlana Cəlaləddin Rumi də bu cür məna və düşüncə qəhramanlarının öndə gələnlərindəndir. Bu baxımdan bütün dünya- da olduğu kimi, ölkəmizdə də onun və onunla eyni amalda birləşən şəxsiyyətlərin tanıdılması, mənəvi bədii irsinin cəmiyyətə çatdırılması, bəhs olunan ehtiyacın ödənilməsi, insani dəyərlərin zehinlərdə, duyğu və düşüncələrdə yerləşib bərqərar olması üçün ən faydalı, zəruri məsələlərdən biridir.

Bu ehtiyacın və ümumi ənənənin nəticəsi olaraq bu il ölkə miqyasında bir çox tədbirlər keçirilmiş, konfranslar, görüşlər, müxtəlif mərasimlər təşkil olunmuş, əsərlər yazılmış, tədqiqat xarakterli məqalələr, elmi işlər ərsəyə gətirilmişdir. Bu təd-birlərin davamı olaraq respublikamızda 20-27 oktyabr tarixləri “Mövlana günləri” elan olunmuş və bu tarixlərdə ölkə miqyasında bu böyük simanı tanıtmaq, irsini yaymaq üçün çoxsaylı tədbirlər planı işlənib hazırlanmışdır. Əlinizdəki kitab da eyni məna və məqsədə xidmət edən bu planın tərkib hissələrindən biridir. Əlbəttə ki, çox geniş olan Mövlana xəzinəsini bir əsərlə əhatə etmək mümkün deyil. Amma Mövlananın həyatından, əsərlərindən, fikirlərindən və onlara verilən müxtəlif orijinal izahlardan bəhs edən bu kitab xidmət etdiyi mənanın aliliyi və o mənanı ifadə edərkən eyni ali üsluba sadiq qalması baxımından təqdirə layiq bir əsərdir. Bu çalışmasına görə “Xəzər Nəşriyyatı”nı təbrik edir, gələcəkdə də buna bənzər fəaliyyətlərini davam etdirməsini, oxuculara da bu kitabın faydalı olmasını arzu edirəm.
 
     
                                                                                                                                                                                                                      

 

                                                                       


 
 

bütün haqqlar "xəzər nəşriyyatı" tərəfindən qorunur. copyright © 2008

Bu dizayn "xəzər nəşriyyatı" na aiddir.