|
|
Varlığın mayasına “İlk NUR” olaraq süzülən və ən gözəl meyvə kimi təcəssüm edən Sonsuz Nur...
Sənin dünyaya təşrifin, bütün mövcudatın qaranlıqdan işıqlı aləmə göz açdığı şəfəqdir. Səninlə gələn nurla hər biri misilsiz gözəlliyə bürünmüş sənət əsərlərinin üzərindəki buludlar və qalın pərdələr bir-bir çəkildi... Əşyanın çöhrəsindəki sirr örtüyü götürüldü və hər şey Ən Böyük Sənətkara nəğmə oxuyan bülbülə döndü...
Sən bizə rəhbər və müəllim oldun. Sənin məktəbində həqiqi insanlığı öyrəndik, gizli dünyanı və axirət səadətinin müəmmasını anlaya bildik. Bəli, Sən olmasaydın, fələk səmada dövr etməyəcək və Sən dadımıza çatmasaydın, həyatın işığı sönəcək, dünya da gedib boş başını qiyamətə çırpacaqdı...
Sən varlıq ağacının var olma səbəbi və hikmətisən... Sən vəladətdən qəbir qapısına qədər uzanan yolda həyatı öyrədən, yemə, içmə, sevinc və kədəri, xülasə, həyata dair hər nə varsa, öyrədən yeganə Mürşidsən...
Hər şeyin qarışdığı, doğrunun əyri, əyrinin doğru göstərildiyi bu günlərimizdə ümməti olduğumuza şərəf duyduğumuz Sevgili Peyğəmbərimizin (s.ə.s.) müqəddəs doğumunu vəsilə edərək bu kiçik məcmuəni hazırladıq. Məcmuədə mümtaz ziyalı alim və mütəfəkkirlərin qələmindən süzülən peyğəmbəranə mərhəmət, müsamihə (günahlara, səhvlərə, qüsurlara göz yummaq, bağışlamaq, güzəştə getmək), sülh və şəfqəti önə çıxaran möhtəviyyatı seçdik.
Mərhəməti Sonsuz olan Allahdan ümid edirik ki, Sevgili Peyğəmbərimizin (s.ə.s.) adı Günəşin doğub batdığı hər yerə çatacaq, dillər Ona göndərilən salavatlarla həzz alacaq, bəşəriyyət Ona olan ehtiyacının fərqinə varacaq və Onu, O necədirsə, elə də tanıyacaq. İnşaallah!
|
|