Xəzər Nəşriyyatı
                                         Əlaqə Telefonu:               E-mail:info@xezernesriyyat.com

                                         Tel.:(+994 12) 480 13 38

Kateqoriyalar

Heyvanların Dilindən

   

                               

 

  Kainat onu oxumağı bacaran üçün bir kitabdır.Yaradılmışların hər biri bu kitabın bir səhifəsi,bir paraqrafı, bir mısrasıdır. Oxumaq üçün görmək, görmək üçün baxmağı bacarmaq lazımdır. Müqəddəs Kitabımızda fərqli vasitələrlə varlıqlara diqqət çəkilir-göy üzünə, dağlara, dənizlərə, bitkilərə, heyvanlara... ”Bunlara baxın və sonra düşünün, anlamağa çalışın, təfəkkür edin, mərifət (elm) üfüqünə çıxmağa hazır olun!“ deyilir. Burada çox vaxt nəzər-diqqətimizi cəlb etmək üçün “Baxmazlarmı? Görməzlərmi? Düşünməzlərmi? Təfəkkür etməzlərmi?” kimi sual şəklindən və yaxud “Rəbbinizin nemətlərindən hansını inkar edərsiniz?” kimi bizim laqeydliyimizi vurğulayan üslubdan istifadə olunur. Yaratdıqlarını çox həssas ölçülərlə, incə naxışlarla və sonsuz hikmətlərlə bəzəyərək yer üzünə göndərən Rəbbimiz varlıqlarda sənətini nümayiş etdirir və bunların üzərində özünün saysız-hesabsız gözəl adlarının təzahürünü göstərir. Allahın (c.c.) hər bir adının minlərlə mərtəbəsi (dərəcəsi) var və digər adlarla saysız-hesabsız kombinasiyalar yarada bilir. Beləliklə, bütün adlar sonsuz növ müxtəlifliyi ilə ayrı-ayrı sənət əsərləri üzərində təcəlli edir. Bakteriyalardan nəhəng ağaclara, bir­hü­ceyrəli canlıdan balinaya qədər bütün varlıqların hər biri bir dil olub sahibini tanıtdırır. ”Biz özbaşına deyilik! Hikmətsiz və əbəs yerə yaradılmamışıq! Gözünüzü açın və baxın ki, nə qədər mükəmməl sənətlər sərgiləyirik” deyə hayqırırlar.
Bizlər isə əksəriyyət olaraq bu dilin fərqinə varmırıq. Yediyimiz ətin, içdiyimiz südün, geydiyimiz paltardakı yunun haradan gəldiyini heç düşünürükmü? Dənizlərdə üzən, havada uçan, çöllərdə qaçan minlərlə canlının nə yeyib-içdiyini, necə yaşadığını, hansı vəzifələri yerinə yetirdiyini heç fikirləşirikmi? Halbuki, bir az diqqət etsək, nəzərimizi bu heyvanlara çevirərkən, niyyətimizi də onların üzərində sənətini göstərən Rəbbimizi tapmaq istiqamətində möhkəmlətsək, varlıqları müşahidənin necə bir mənəvi ləzzət verdiyinin fərqində olacağıq.
Bəzən min bir əziyyətlə çəkilən heyvanlar haqqında filmlərə tamaşa edərkən, onlara hansı niyyət,hansı nəzərlərlə baxmalı olduğumuzu anlamırıq. Əsrimizin dəhşətli xəstəliyi olan adiləşmə, laqeydlik hər tərəfimizi bürüdüyündən, silkələnib özümüzə gəlməyimiz və kainat kitabının ibrətli səhifəsi olan “heyvanlar aləmi”nə təfəkkür nəzəri ilə baxmağımız çox çətindir. Əslində onlara verilmiş möhtəşəm sənətli orqanlar, ecazkar xüsusiyyətlər özlərini anlatmaq üçün kifayətdir. Fəqət laqeydlik zəncirlərini qırmağımıza kömək etmələri üçün, illərlə dərslərdə öyrəndiyimiz heyvanlardan ən çox tanınan bəzilərinin özlərini anladan bir dili olacağına inandım.
Bu kitabdakı məlumatlar elm dünyasının bizlərə təqdim etdiyi maraqlı həqiqətlərdir. Bu həqiqəti hər heyvanın öz dilindən dinləmək isə anlaşılmasını asanlaşdıran təmsil tərzidir. Xüsusilə, gənc nəsillərə heyvanlar vasitəsilə təbiəti tanıtmaq, hər heyvanın ekosistemdə bir yerinin və mövcudluq səbəbinin olduğunu hiss etdirməklə yanaşı, varlıqların yaradılışındakı gözəlliklərə diqqəti çəkərək, onlara bütün varlıqları sevdirməyi düşündüyümüz bu fəaliyyətimizin məqsədinə çatmasını Rəbbimizdən diləyirik. Əsərin ərsəyə gəlməsində zəhmət çəkən Altın Burc Yayımlarının (nəşriyyatının) müəllifləri, Salih Şeref Duran və Murat Çələbi bəyə, Aslı Kaplan xanıma, qrafika və dizaynı tərtib edənlərə təşəkkür edir və gələcəkdə neçə-neçə gözəl əsərlərə vəsilə olmalarını arzulayıram.

 
     
                                                                                                                                                                                                                      

 

                                                                       


 
 

bütün haqqlar "xəzər nəşriyyatı" tərəfindən qorunur. copyright © 2008

Bu dizayn "xəzər nəşriyyatı" na aiddir.