|
|
İslamın iki təməl əsaslarından biri olan sünnəti-səniyyə “Quran”la birlikdə yazılmış, əzbərlənmiş və heç bir dəyişikliyə məruz qalmadan günümüzə qədər gəlib çatmışdır.
Sünnət Allah Rəsulunun(s.ə.s) həyatıdır, İslamın yaşanma şəkli, Allah və Rəsulunun əxlaqı ilə əxlaqlanma modelidir. Sünnət Rəsullulaha (s.ə.s.) açılan bir pəncərədir. O, bütün əsərlərdə hər insana yol göstərən, onu İslamın nuruna qərq edən mübarək bir yoldur.
O yolun mübarək yolçusu Peyğəmbərimiz (s.ə.s.) bir söz sultanıdır. Bu günə qədər hər kəs öz səviyyəsinə görə və müəyyən ölçüdə xeyli söz söyləmişdir, amma Allah Rəsulunun sözlərində başqa bir dərinlik, başqa bir təravət, başqa bir şirinlik vardır. Peyğəmbərimizin (s.ə.s.) sözləri axirət mənbəlidir. Həyat bəxş edən nəfəsi ilə dediyi hər söz insanları heyran etmiş və qəlbləri şövqə gətirmişdir.
Əlinizdəki bu əsər Əfəndilər Əfəndisinin (s.ə.s.) sözləri arasında yer alan təşbeh və təmsillərdən ibarət bir gül dəstəsini sizə təqdim etmək üçün
qələmə alındı. Bu əsərdə verilən
misallardan bəziləri “Qurani-Kərim”də də var. Peyğəmbərimiz (s.ə.s.)
bəzi həqiqətləri təmsillərlə, yəni misal gətirərək, hekayə yolu ilə
izah edərdi. Təmsil iki şey arasındakı ortaq məna səbəbi ilə birində
olan hökmün digərinə də aid edilməsi mənasında işlədilən bir ifadə
(bax: Cürcani, Tərifat, s. 91-92) olmaqla yanaşı, təşbeh və
zərbi-məsəl mənasında da işlədilir (Əbu Bəka, Külliyyat, s. 295).
Peyğəmbərimizin (s.ə.s.) misallarla bəhs etdiyi həqiqətlər bir çox
mövzuları əhatə edir. Bunların hamısını burada qeyd etmək mümkün
deyildir. Bu kitabda daha çox ibrətamiz məzmunlu hekayələr əksini
tapmışdır. Hədislərdə nəql edilən misallar yeni bir üslubda
işlənmişdir. Hədisin orijinal mətnində olmasa da, kitabda verilən
hekayələrə fikri tamamlamaq üçün əlavələr edildiyini qeyd etmək
yerinə düşərdi. Amma onu da qeyd etmək lazımdır ki, bu əlavələrin
mümkün qədər hədisdə nəql edilən həqiqətin və ümumi mənada islami
anlayışın ruhuna uyğun olmasına xüsusi diqqət yetirilmişdir. Hədisin
mətnində fərd olaraq göstərilən şəxslərə bəzən bu hekayə içində ad
verilmişdir. Bundan əlavə, hədislərdə verilən hekayələri daha yaxşı
başa düşmək üçün mətnə bəzi tamamlayıcı və izahedici məlumatlar
əlavə edilmişdir. Bəzi hədislərdə bəhs edilən qissələrin giriş və
nəticə bölmələrinə mövzunu daha yaxşı qavraya bilmək üçün vasitəçi
olacaq məlumatlar əlavə edilmiş, bununla mövzunun zehinlərdə daha
yaxşı həkk olunması və hər hansı bir əskikliyin olmaması məqsədi
güdülmüşdür.
Onu da qeyd etmək lazımdır ki, hekayələri aldığımız mötəbər hədis
kitablarındakı hədislərin mənası saxlanaraq rəvayət edilməsi
ehtimalı da var. Ona görə də, bu əsərdə yer verilən və hər biri
Peyğəmbərimizin (s.ə.s.) bir sözunə istinad edən misalların eynilə
Onun (s.ə.s.) sözü olduğu zənn edilməməlidir. Amma hekayələrdə
çatdırılan fikir Peyğəmbərimizin (s.ə.s.) hədislərindəki fikri ilə
eynidir.
Hər təbəqədən olan insanın oxuyub çox asanlıqla anlayacağı bir mətn
şəklinə gətirməyə çalışdığımız hədis hekayələrinin hər birinin
sonunda buna bağlı çıxarılan nəticə və ibrətlər də maddələr halında
bildirilmişdir.
Burada yer verilən hədislərin mənbələri tam eyni mətn alınmadığı
üçün iqtibas şəklində göstərilməmiş, kitabın sonunda “istifadə
edilən mənbələr” bölümündə verilmişdir.
Yazmaq bizdən, həqiqətləri könüllərə hiss etdirmək Allahdandır.
|
|